AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Azərbaycanda kişilər doğuşda iştirak edərsə...

Güman ki, bir çox xanımlar son illərdə bu kimi hadisənin ya iştirakçısı, ya da şahidi olurlar.
 
Bəli, Avropa standartlarına meyillilik Azərbaycanda səhiyyədən, daha dəqiq desək, doğuş prosesindən də yan ötmür. Məsələn, Avropada valideynlər özləri qərara alır ki, ata doğuş prosesində iştirak edəcək, yoxsa yox. Buna isə əvvəlcədən hazırlıq görülür. Qadının hamiləlik dövrü zamanı kişi də onunla birgə qadın məsləhətxanasına gedir, psixoloqlarla söhbət edir. Qadının hamiləlik dövründə keçdiyi mərhələlərdə kişi onunla birgə olur. Ancaq bunun üçün xüsusi məktəblər fəaliyyət göstərir. Qadın hamilə olduğu müddətdə bu məktəbə öz həyat yoldaşı ilə gedir. Bətnində körpə gəzdirən qadının məruz qaldığı fizioloji, psixoloji dəyişikliklər, dölün inkişafı, doğuş prosesinin gedişi, proses zamanı qadın, kişi özünü necə aparmalıdır, uşağa qulluq və s. haqqında gələcək valideynlərə məlumat verilir. Yəni qadını da, kişini də prosesə hazırlayırlar. Kişi tam psixoloji hazırlıq keçdikdən sonra qərar verir ki, doğuş prosesində iştirak etməyə, müşahidəçi olmağa hazırdır, yoxsa yox.
 
Yuxarıdakı dialoqdan bəlli olduğu kimi, Azərbaycanda da bu praktikanın tətbiqi hər keçən gün artır. Amma düşünürük ki, bunun üçün əvvəlcə hazırlıq mərhələsi keçilməlidir, xüsusi məktəblər, dərnəklər yaradılmalıdır.
 
Doğuşdan sonra adətən qadınlar həm fiziki, həm də psixoloji yorğunluq keçirir. Bu ümumi əsəb gərginliyi ailədə konfliktlər yaranmasına gətirib çıxarır. Əgər kişi bütün proses boyu qadınla birgə olsa, onu daha yaxşı anlayar və köməkçi olar.
 
Bir çoxları da iddia edir ki, kişinin doğuş prosesini müşahidə etməsi boşanmalara gətirib çıxarır. Çünki doğuşu müşahidə etdikdən sonra bir sıra kişilərdə libidonun zəifləməsi halları olur. Bu isə intim və psixoloji problemlər yaradır və boşanmalara gətirib çıxarır. Ona görə də kişilərin doğuş prosesində iştirakı incə məsələdir. Və bunun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Praktikanın az ziyanlı olması üçün mütləq öncədən xüsusi məktəb və dərnəklərin yaradılması vacibdir ki, həm ana, həm də ata psixoloji cəhətdən buna hazırlıqlı olsun.
 
Buna görə də oxucularımıza birmənalı yol göstərmək istəməyib,onları mütəxəssis - Azərbaycan Tibb Universıtetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun fikirləri ilə tanış edirik.
 
T.Canbaxışov Gün.Az-a açıqlamasında “Azərbaycanda pasiyentlərin 90 faizi doğuş prosesinə qədərki mərhələdə həkim müayinələrinə həyat yoldaşları - ərləri ilə gəlir” – deyə bildirdi:
 
“Mən bir mütəxəssis olaraq hesab edirəm ki, ana olmağa hazırlaşan qadının həkim müayinəsinə və ya doğuşa həyat yoldaşı ilə gəlməsi daha uyğundur. Artıq Azərbaycanda həyat yoldaşının, yaxud digər yaxın insanın doğuşda iştirakı normal qarşılanır. Əlbəttə ki, hamiləliyə hazırlıq mərhələsi böyük rol oynayır. Bu zaman valideyn olmağa hazırlaşan cütlüklər doğuşdan öncə xəstəxana ilə, akuşerlə tanış olurlar. 
 
Ananın doğuşdan öncə və sonra yerləşdiriləcəyi palatanı görürlər. Onlara doğuş anında nələr olacağını izah edirlər, düzgün tənəffüs hərəkətləri və masaj üsullarını, doğuşda nə etmələrini öyrədirlər. Bu cür təlimatlandırılmış hamilə qadın təbii ki, daha az həyəcan və qorxu ilə doğuşa gedir. Bütün bunlar doğuş üçün lazım olan mütləq tədbirlər olmasa da, həm tibbi personalın işini asanlaşdırır, həm də doğan qadına çox kömək olur”.
 
Mama-ginekologiya şöbəsinin müdiri doğuşdan sonra kişilərdə libidonun zəifləməsi ilə bağlı fikirlərə də münasibətini bildirdi:
 
“Kişilərin doğuşdan sonra qadına qarşı seksual istəyi qətiyyən azalmır. Yəni kişi hamiləlik dövrü zamanı daima qadının yanında olur. Bu prosesə lap əvvəldən hazırlıqlı olur. Bundan başqa, ərlə-arvad arasında elə bir duyğu körpüsü var ki, heç bir amil ona mənfi təsir etmir. O ki qaldı, kişinin xanımı ilə müayinələrə gəlməyinə, bu, aradakı münasibət bağını daha da möhkəmləndirir. Məhz belə ailələrdə uşağın da ata və anaya bağlılığı çox olur”.
 
T.Canbaxışov onu da əlavə edib ki, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən qurumlar var:  
 
“Bütün dünyada bununla bağlı ailə sağlamlıq mərkəzləri var. Bizdə isə qadın məsləhətxanaları fəaliyyət göstərir. Həmin qadın məsləhətxanalarının funksiyası da bilavasitə yeni ailə qurmuş insanlara məlumat verməkdir”.