AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Körpələrdə qulaq ağrıları

Tarix: 18-04-2016

Qulaq ağrısı körpələrdə ağlamaq və narahatçılığa səbəb olur. Orta qulağın infeksiyası olan otit uşaqlar arasında çox yayılmış xəstəlikdir. Səbəbləri müxtəlif olan qulaq ağrısı haqqında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev suallarımızı cavablandırdı.

 

-Körpələrdə qulaq infeksiyası olub olmadığını necə anlamaq olar?

 

-Körpədəki qulaq ağrısı qulaq iltihabı (kəskin otit) ya da başqa bir xəstəlikdən qaynaqlana bilər. Körpənizin qulağının ağrıyıb ağrımadığını anlamanın ən asan yolu onun ruh halında bir dəyişiklik olub olmadığını fərq etmənizdir. Bu vəziyyətdə körpəniz təlaşla sağa-sola əyilir, ya da normaldan çox ağlamağa başlayır. Bu mövzuda analar oyanıq olmalıdır. İstər yüngül, istərsə də yüksək hərarət də qulaq ağrısına işarədir. Bu xəstəliklərdən sonra körpənizin həssaslığını unutmayın. Bunlara əlavə olaraq, xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

 

-Qulaq ağrısının səbəbləri nələrdir?

 

- Qulaq infeksiyalarına əsasən bakteriyalar və körpənin qulaq pərdəsinin arxasındakı mayenin yoluxmuş olması səbəb olur. Qulaq ağrılarında ən sıx görülən səbəb orta qulaq iltihabıdır. Ondan sonrakı digər səbəb isə xarici qulaq iltihabıdır. Üçüncüsü də əks olunan ağrılardır. Yəni, bir zərbə nəticəsində (top vurması) meydana gələr. Qulaq ağrıları 95 faiz nisbətində soyuqdəymə, qrip kimi, yəni, üst tənəffüs yolu infeksiyasının qulağa vurması şəklində ortaya çıxır. Araşdırmalara görə əmzik istifadəsi körpələrdə və kiçik uşaqlarda orta qulaq iltihabı riskini artırır. Bundan başqa külək və soyuq, bəzi körpələrdə gurultulu mühit də qulaq ağrılarına səbəbi ola bilər.

 

-Qulaq ağrıyarsa, nə zaman həkimə gedilməlidir?

 

- Qulaq ağrısı əhəmiyyətli bir ağrıdır. Xüsusilə diş ağrıyan zaman qulaq ağrısı da ciddi mənada insanı yorar. Bu səbəbdən uşaq bir dəfə qulağının ağrıdığını söyləsə, bunu nəzərə almaq lazımdır. İlk şikayətlərdə qulaqda yüngül ağrılar olur. Ancaq orta qulaqda yaranan axıntı körpənizin eşitməsini azaldacaq. Buna görə də ağrı artmadan mütləq həkimə getmək lazımdır.

 

-Qulaq ağrıyan zaman hansı həkimə getmək lazımdır?

 

- Körpənizin qulağı ağrıyırsa, pediatr və ya qulaq, burun, boğaz mütəxəssisinə müraciət edə bilərsiniz. Lakin qulaq problemi yaranarsa, qulaq burun həkiminə getmək vacibdir. İldə 1-2 dəfə qulaq iltihabının olması uşaq həkiminin həll edə biləcəyi problemdir. Lakin hər ay bu problemlərin olması, olub da keçməməsi, axıntının yığılması kimi halları uşaq həkimləri tam olaraq həll etməyə bilər. Bu baxımdan, eşitmə ilə əlaqədar testlər və digər dəstək müalicələr üçün qulaq burun boğaz həkimlərinin mütləq görməsi lazımdır.

 

-Qulaq ağrısının olmaması üçün qarşısını necə almaq olar?

 

-Körpənizin bağça və ya oyun sahələrində daha çox mikrobla qarşılaşmasına mane olun. Əlbəttə ki, bu, körpənizin hər zaman qorunacağı anlamına gəlməz. Körpənizin hər hansı bir yerdən mikroba bulaşmaması üçün öz əllərinizi və körpənizin əllərini tez-tez yuyun. Bundan başqa, körpənizin peyvəndlərini vaxtında vurdurun. Bu peyvəndlər qulaq infeksiyasına yol açan müəyyən xəstəliklərin qarşısını almağa kömək edə bilər. Eyni zamanda, körpənin sağlamlığı və inkişafı üçün ana südü vacibdir. Ən az 6 ay körpənizə süd verin. Ana südü ilə bəslənən uşaqlarda qulaq infeksiyasına yoluxma halları az müşahidə olunur. Körpənizi siqaret tüstüsündən qoruyun. Tütün tüstüsü körpənizin immunitetini qulaq infeksiyasına tutulma riskini artırır.

 

-Qulaq ağrısı nə qədər ciddi xəstəlikdir?

 

-Şiddətli qulaq ağrıları və ya müalicə edilməmiş bir infeksiya uşağınızın qulaq pərdəsində zədəələnməsinə səbəb ola bilər. Bu hadisə həm gec meydana gəlir, həm də tez yaxşılaşır. Qulaq təmizlənərsə və mütəxəssis bir həkim tərəfindən müalicə edilərsə, problem tezliklə həll edilə bilər. Təkrarlanan qulaq infeksiyaları bəzən eşitmə itkinlərinə səbəb ola bilər. Çox nadir hallarda, müalicə edilməyən qulaq infeksiyaları, qulaq arxasında kəllə sümüyü iltihabına (mastoidit) ya da miningit xəstəliyinə səbəb ola bilər.

 

 

 

 

 

Go Back

Comments for this post have been disabled.