AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Səs pozulması nədir?

Tarix: 25-11-2016

 

Azərbaycan Tibb Universitetinin Qulaq, Burun, Boğaz xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Afaq Abbasova.

Səs pozulması nədir? İnsanın yaşına, cinsiyyətinə uyğun olmayan, sosyal həyatına negativ təsir edən səs pozulmuş səsdir.  Tək kəlməylə desək, istəmədən diqqət çəkən səslər anormal səslərdir. Bu səsləri cəmiyyətdə fərqli adlandırırlar: səs batması,  kobud, xırıltılı, boğuq, qalın, incə, yorğun və s.

Səs pozulmalarının səbəbləri nələrdir? Səs pozulmalarının səbəbləri müxtəlifdir. Qırtlaq xəstəliklərində, burun xəstəliklərində, hətta ağciyər xəstəliklərində görülə bilər. Bir sıra baş, boyun əməliyyatlarıdan,  tiroid cərrahiyəsindən sonra səs pozulmalarına rast gəlinir.  Səs pozulmalarının ən çox rast gəlinən səbəbləri arasında qastroözofageal reflyuks xəstəliyi var. Bu xəstəlikdə mədə turşuluğunun artması ve turşuluğun geriyə boğaza atılması baş verir. Qastroözofageal reflyuks xəstəliyinin səs pozulmasına səbəb olması geniş yayılsa da çox vaxt diqqətdən qaçır. Bunlardan başqa, işi birbaşa səsiylə bağlı olan insanlarda uzun müddət yalnış səs istifadəsi səs xəstəliklərinə səbəb ola bilər.

Yalnış səs istifadəsi nədir? Səsin suistimali, bərkdən danışmaq, qışqırmaq ve ya fısıltı ilə danışmaq, uzun müddət uyğun olmayan tezlikdən, yəni daha incə və ya daha qalın səslə danışmaq, çox sürətli danışmalar, uşaqlar arasında tez-tez rast gəlinən səs təqlidləri yalnış səs istifadəsidir. Bu cür səs istifadəçilərində funksiyonal səs pozulmalarına və alışqanlıq uzun müddət davam edərsə xoşxassəli qırtraq törəmələrinə çox rast gəlinir.

Bu zaman hansı müalicələr tətbiq edirsiniz? Səs xəstəliklərində səbəbindən asılı olaraq dərman müalicəsi, cərrahi əməliyyat və ya səs terapiyası tətbiq olunur. Bəzi hallarda bu müalicələr kombinə edilir.

Səs terapiyası nədir? Səs terapiyası davranışsal müalicə metodudur. Xəstənin mövcud vəziyyətini nəzərə alaraq ən mükəmməl səs çıxarmasını təmin edəcək stratejilər və məşqlərdir. Bu müalicə üsulunda xəstəyə düzgün səs davranışı, yəni düzgün səs istifadəsi öyrədilir və bu davranışın gündəlik həyatda tətbiqinə nail olunur.

Son olaraq demək istədiyiniz bir şey varmı? Çox vaxt səslərindəki dəyişiklik insanları narahat etsə də keçər deyib, həkimə getmirlər. Bütün xəstəliklərdə olduğu kimi səs xəstəliklərində də erkən diaqnostika və erkən dövrdə müalicə daha tez ve daha yaxşı nəticələr almağa kömək edir. Xüsusilə orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəli olan xərçəngönü xəstəliklərin ve ya qırtlaq xərçənginin əlaməti ola bilər. Ona görə də insanlara şikayətləri başlayarkən, artmasını gözləmədən həkimə getmələrini məsləhət görürəm.

 

Go Back

Comments for this post have been disabled.