AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Tək gözəlləşmə üçün deyil, müalicə üçün də botoksa müraciət edə bilərsiniz

Tarix: 06-06-2016

Tək gözəlləşmə üçün deyil, müalicə üçün də botoksa müraciət edə bilərsiniz

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Plastik Estetik Cərrahı, Uzman həkim Araz Salmanovla müsahibə:

-Estetik cərrah olaraq istər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox müraciət edirlər?

- Qeyd edim ki, kişilərə nəzərən, qadınlar daha çox cərrahi məqsədlər üçün müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə(ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyyəsinin yağlanması, apoplastika(qarın nahiyyəsinin sallanması) üçün bizə üz tuturlar. Onu da deyim ki, liposaksiya əməliyyatı da ölkəmizdə geniş yayılıb. Prosedur sadə olsa da, təcrübə tələb edir. Çünki, əməliyyat zamanı piyi hər yerdən eyni dərəcədə götürmək lazmdır ki, kələ-kötürlük qalmasın. Bəzən aldığımız piyləri müəyyən yerlərə də inyeksiya edirik.

- Qadınlar botoks üçün nə zaman müraciət edə bilərlər?

- Yaşlı olan və doğrudan da botoksa ehtiyacı olan xanımlar, eyni zamanda kişilər botoks üçün müraciət edə bilərlər. Bəzi qadınlar var ki, artıq onlarda 25 yaşdan etibarən qırışlar büruzə verməyə başlayır. Ümumiyyətlə, qırışlar nə vaxt əmələ gəlirsə, o zaman botoks edə bilərlər. Botoks universal maddədir. Preparatın əsas tərkibi olann maddə botulinum toksinidir. Botulinum toksini estetik cərrahiyyədə üzün mimik əzələlərini qismən iflic etməklə, qırışıqları ortadan qaldırmaq üçün istifadə edilir. Ən çox göz ətrafə nahiyədə “qaz ayaqları”, qaşların arasında olan qırışlar, paralel alın cizgilərində botoksdan istifadə olunur. Bundan başqa, qismən ağız və dodaq kənarlarına , burnun orta hissəsi və yanlarına da müəyyən qədər vurulur. Bu proseduru diqqətlə etmək lazımdır ki, ağızda müəyyən əyilmələr əmələ gəlməsin. Bizim öz praktikamızda mimiki estetik, üzdəki qırışları, qaşları qaldırmaq üçün daha çox müraciət edirlər. Düzgün manipulyasiya ilə üz cizgilərinə, gözlərə, qaşlara istədiyimiz ifadə şəklini vermə imkanımız var və müraciətlər də olduqca çoxdur. Artıq müəyyən sosial maddi vəziyyəti normal səviyyədə olan xanımların kişilərin də çoxu, eləcə də kişilərin 20-30 faizi botoks preparatlarından geniş şəkildə istifadə edir.

- Bildiyimiz qədərilə botoksdan müalicə üçün də istifadə edirlər.

- Bəli, doğrudur. Botoks tibbə ilk dəfə çəpgözlüyün müalicəsi üçün verilib. Göz əzələlərinə botoks inyeksiya olunur və o əzələnin biri boşaldılaraq çəpgözlük düzəlir. Bizim plastik cərrahiyyədə botoksdan ən çox iki məqsəd üçün istifadə edirik. Birincisi tərləmənin müalicəsidir. Bu botoksun unikal xüsusiyyətidir. Bəzi insanlarda qoltuq altlarında, əlin və ayağın altında ciddi tərləmələr olur və davamlı əllərini, qoltuq altlarını silirlər. Hətta bu səbəbdən daimi gün ərzində bir neçə dəfə köynək dəyişənlər də olur. Aprel-may ayında botoks proseduru etdirdikdə, insanlar payıza qədər bu problemdən xilas ola bilər. Bundan başqa, botoksdan əzələlərin müəyyən nahiyyələrdəki spazmını ortadan qaldırmaq üçün də istifadə olunur. Nevroloji praktikada ayağında, əlində iflic olan əzələ kontrakturaları olan xəstələr var. Müəyyən qrup əzələləri sərtlik səbəbi ilə aça bilmirlər. Bu əzələlərin hərəkətini botoks inyeksiyaları asanlaşdırır. Nadir hallarda rast gəlinən “Biospazm” xəstəliyi var ki, onda da müalicə üsulu kimi botoksdan istifadə olunur. Göz ətrafı əzələlərin istəmsiz olaraq sıxılması halları baş verir. Bu səbəbbdən insanlar göz qapaqlarını tam şəkildə açıb ətrafa aydın baxa bilmirlər. Belə hallarda əzələlərə botoks vurulur və xəstə görməyə başlayır. Botoksdan miqrendə də istifadə edirlər. Miqrenli nahiyyələrdə botoks proseduru həyata keçirilir və insanlar 6 ay 1 il müddətinə tam olaraq baş ağrılarından xilas olurlar. Nevropatoloqlar bilirlər ki, miqren ağrılarını heç bir preparatla bilmək mümkün deyil. Bu zaman xəstələrin həyatı zəhərə çevrilir və onlar uzun müddətli ağrılara məruz qalırlar. Botoksla xəstələr bu problemlərdən azad ola bilərlər.

-Botoksun zərəri varmı?

-Düzgün istifadə olunduğu təqdirdə, heç bir ziyanı yoxdur. İstənilən preparata qarşı allergiya ola bilər. Botoksun da nəzəri olaraq alergiya vermə ehtimalı var. Ancaq bu günə qədər mən heç bir xəstədə bu preparata qarşı reaksiya görməmişəm. Buna baxmayaraq, düzgün istifadə olunmadığı halda, istəmədiyimiz əzələləri iflic edə bilərik. Göz qapaqlarında düşüklük yaranma, göz almasına yaxın yerə inneksiya olunduğu zaman, çəpgözlük kimi hallar baş verə bilər. Ancaq müəyyən qaydalar və dozalar var ki, heç bir narahatlıq, əks təsir göstərmir.

-Əməliyyata hazırlaşan, lakin sonradan fikrini dəyişən insanlar olubmu?

- Bizə gələn xəstələr arasında bəlkə də 40 nəfərdən biri belə vəziyyətdə olur. Qorxusu olan əməliyyata gəlmir. Analiz verdilərsə, əməliyyat olurlar. Biz xəstələrə heç vaxt psixoloji təsir etməyə çalışmırıq. Çünki, xəstə özü qərar verməlidir. Əgər xəstə çox qorxursa, narahatdırsa, əməliyyatdan sonra da problem olma ehtimalı yüksək olur. Mən öz praktikamda hiss etsəm ki, xəstə tez-tez fikrini dəyişir, mən onları əməliyyat etmirəm və göndərirəm evlərinə. İndiyə qədər praktikamda iki o cür insan olub ki, əməliyyat masasında qorxub. Sonradan fikirlərini dəyişib əməliyyat olmaq istədiklərini desələr də, əməliyyat etməmişəm.

- Həyati təhlükəsi olan əməliyyatlar etmisiniz?

- İstənilən əməliyyatda risk faktoru olur. Risk faktorunun aşağı , orta və yüksək risk dərəcələndirilməsi var. Aşağı riskdə risk faktoru 0.01 faiz olur. Orta risk 1 faizlə 10 faiz, yüksək risk faktoru 10-30 faiz arasında dəyişir. Tibbi məqsədlər üçün olmayan, sırf estetik məqsədlə olan prosedurlarda sadəcə düşük riskli xəstələri götürürük. Ən çox yüksək riskli rekonstruktiv əməliyyatları həyata keşiririk. Bəzən isə orta riskli rekonstruktiv əməliyyatları da edirik. Çətin əməliyyatlardan sərbəst toxuma köçürmələridir ki, biz həmin əməliyyatları Tədris Cərrahiyyə Klinikasında həyata keçiririk. Başqa bir yerdə həmin əməliyyatları etmirik. Çünki, onlar ağrılı, sıxıntılı əməliyyatlardır. Bu məcburiyyətdən olan bir əməliyyatdır. Bu zaman artıq xəstəyə risklər izah edilməklə əməliyyat etmək mümkün olur. Xəstələr gəlir ki, onlarda süd vəziləri həddindən artıq böyük olur və hər gün əziyyət verir. Sallaq qarnı olanlar da əziyyət çəkir. Çünki, dizə ağrı verir və başqa problemlər yaranır. Bu insaların hər gün o cür yaşaması onlar üçün əzaba çevrilir. Xəstələri özlərinin israrı ilə bəzən orta risklə götürürük. Bu xəstələrə öncədən məlumat verilir. Sənədlər imzalanır. Ancaq normal halda tərcihimiz aşağı riskli əməliyyatlardır.

- Son olaraq məsləhətləriniz nələrdir?

- Yay gəlir. Tərləyən vətəndaşlar bizə müraciət etsinlər və öz komplekslərindən qurtulsunlar. Miqrenin bəzən heç bir preparatla qarşısını almaq olmur. Botoks vurduqda 1 ilə qədər rahat olmaq olar. Son olaraq məsləhət görürəm ki, insanlar həkim seçimini düzgün etsinlər. Minimal invaziv prosedurlarda belə adi həkimlərə getmək lazım deyil. Bununla bağlı ya dermotoloq, ya da plastik cərraha üz tutmaq lazımdır.

Go Back

Comments for this post have been disabled.