AZE | RUS | ENG

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

header photo

Yeni doğulmuş körpələrin sağlığı etibarlı əllərdədir

Tarix: 05-05-2016

Yeni doğulmuş körpələrin sağlığı etibarlı əllərdədir

ATU Tədris Cərrahiyyə Klinikasında uşaqların tam müalicəsi aparılır

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Doğum və Neonatologiya şöbəsi fəaliyyət göstərir.Klinikanın Neonatologiya şöbə müdiri, həkim-neonatoloq Dr. Səadət Yaqubova bildirib ki, bu şöbə vaxtında və vaxtından əvvəl doğulan körpələrin intensiv terapiyası, qulluq və müalicəsi üçün professional tibbi avadanlıqla təchiz olunub. Burada istənilən rütubət və temperatur rejimini təmin edən müasir küveyzlər, açıq reanimasion masalar, uzun müddətli infuzion terapiya və parenteral qidalanmanın aparılmasında istifadə olunan infuzomatlar, hiperbilirubinemiyaların konservativ müalicəsini təmin edən fototerapiya lampaları, həyati vacib funksiyaları daimi nəzarətdə saxlamağa imkan verən portativ monitorlar var.

 

S.Yaqubova bildirdi ki, klinikada uşaqların müalicəsi üçün zəruri olan hər növ müayinələr, beynin ultrasəs müayinəsi olan neyrosonoqrafiya, hər cür mütəxəssiskonsultasiyası həyata keçirilir: “Yarımçıq, 34 həftədən aşağı doğulmuş körpələrin retinopatiya skrininqi, metobolik skrininqlər, “topuq testi” adlanan skrininqi keçirilir. Topuq skrininqi dünyada qəbul olunmuş analizdir və bəzi irsi xəstəlikləri, metobolik pozğunluqları araşdırmağa imkan verir. Uşaqlar klinikadan çıxdıqdan sonra bizim pediatrlar tərəfindən ambulator şəraitdə nəzarətdə saxlanılır. Yarımçıq doğulmuş uşaqlara həftədə 1 dəfə baxılır və yaşına uyğun peyvəndlər vurulur. Belə uşaqların səhhəti gələcəkdə də nəzarətdə saxlanılır, onların vəziyyəti izlənilir, neyrosonaqrafiyası, bud-çanaq oynağının ultrasəs müayinəsi və s. qaydalara uyğun şəkildə aparılır”.

S.Yaqubova onu da bildirdi ki, istər doğuş zallarında, istər keysəriyyə əməliyyatı keçirilən otaqlarda xüsusi neopaf aparatları var:“Bu doğuşlarda xüsusi hazırlıqlı briqada iştirak edir. Uşaqlar əməliyyat otağından reanimasiyaya keçirilərkən, transport küvezindən istifadə edirik. Yarımçıq doğulmuşlarda “ İstilik zənciri ” deyilən bir anlayış var ki, onu qırmamaq üçün biz bu aparatlardan istifadə edirik. Uşağın ilkin reanimasiyası məhz burada - əməliyyat otağında başlanılır. Bu məqsədlə neopaf aparatlarından istifadə olunur. Uşaq daşınma küvezinə yerləşdirilir və reanimasiyaya köçürülür.”

Həkim-neonatoloq fizioloji otaqlar haqqında da məlumat verdi. Bildirdi ki, klinikada 2 fizioloji otaq fəaliyyət göstərir ki, burada uşaqların qulluğu və həkim baxışı həyata keçirilir: “Əksər vaxtlarda uşaqlar analarının yanında qalırlar. Gənc analara körpələrin təbii qidalanmasının vacibliyini təbliğ edirik. İlkin reanimasiya otağına yeni doğulmuş və müxtəlif diaqnozlar qoyulmuş uşaqları yerləşdiririk. İkinci otaqda isə kənardan bizə gətirilən, infeksiya təhlükəsi ilə bağlı şübhələndiyimiz uşaqları yerləşdiririk ki, onların digər yeni doğulmuşlarla təması olmasın.”

Dr. Səadət Yaqubovanın dediyinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neanatologiya şöbəsində müxtəlif növ patologiyası olan xəstələrə rast gəlinir. Burada ekstremal, az kütləli uşaqlardan tutmuş, cərrahiyyə patologiyası olan uşaqlara kimi xəstələr yatıblar: “Klinikamızın doğum şöbəsində yüksək ixtisaslaşdırılmış həkim mama-ginekoloqlar və həkim-neonatoloqlar tərəfindən doğuşlar və göstəriş olarsa, keysəriyyə əməliyyatları həyata keçirilir”.

Qeyd edək ki, klinika çox profilli olduğundan, burada hər bir sahəyə uyğun peşəkarlar çalışır. Bu da hər bir xəstənin kompleks müaslicəsinə imkan yaradır. S.Yaqubova qeyd edir ki, bəzən uşaq doğulduqdan sonra onda ürək qüsuru aşkar olunur. Bu halda başqa klinikalardan həkim dəvət etməyə və ya uşağı başqa klinikaya köçürməyə ehtiyac olmur:“Çünki, bizim klinikada hər sahə üzrə həkim çalışır. Lazimdırsa, xəstəyə yerindəcə müdaxilə edilir və onların bütün təqibi, istər pediatr tərəfindən, istərsə də mütəxəssislər tərəfindən həyata keçirilir. Burada uşaq cərrahiyyə şöbəsi fəaliyyət göstərdiyinə görə, hamiləlik vaxtı uşaqda cərrahi patologiya aşkar olunduğu zaman da bizim klinikaya müraciət olunur. Bir neçə dəfə belə hallar olub ki, dərhal doğum zamanında onlara lazımi ilkin yardımı göstəriblər. Uşaqlar əməliyyata götürülüb və əməliyyatdan sonraki dövrdə həmin uşaqlar bizim reanimasiyamızda müaicə alıblar.”

 

Go Back

Comments for this post have been disabled.